Tam sığortalanma əmanətlərin həcmini artıracaq

Tam sığortalanma əmanətlərin həcmini artıracaq

07 Mart 2020
Banklar investisiya siyasətini düzgün qurmaqla daha çox əmanət cəlb edə bilər Maliyyə Sabitliyi Şurası “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun tətbiq müddətinin uzadılması məsələsini müzakirə edərək bununla bağlı müsbət rəy verib. Mərkəzi Bankın məlumatına əsasən, adıçəkilən qanunun yenidən uzadılması məsələsi Maliyyə Sabitliyi Şurasında geniş müzakirə edilib. Müzakirələrin nəticəsi olaraq əmanətçilərin və kreditorların mənafelərinin daha etibarlı qorunması üçün “Əmanətlərin tam sığortalanması haqqında” Qanununun daha 9 ay uzadılması məqsədəuyğun sayılıb və müvafiq tövsiyə hazırlanıb. Maliyyə Sabitliyi Şurasının tövsiyəsi dəstəklənib və yeni seçilən Milli Məclis fəaliyyətə başlayandan sonra Qanun layihəsi müvafiq qaydada qanunvericilik təşəbbüsü hüququna malik orqan tərəfindən parlamentin müzakirəsinə təqdim ediləcək. Nəzərdə tutulur ki, cəlb olunduğu tarixə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilən illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlərin məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan Fondun iştirakçı bankları tərəfindən tam sığortalanması müddəti 04 mart 2020-ci il tarixindən 04 dekabr 2020-ci il tarixinədək uzadılsın. Xatırladaq ki, qlobal iqtisadiyyatda baş verən böhran prosesləri fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirmək məqsədilə 2016-cı il 19 yanvar tarixində “Əmanətlərin tam sığortalanması haqqında” Qanunu qəbul edilib. 2016-cı il martın 4-dən qüvvəyə minən həmin Qanuna görə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanıb. Daha sonra, 19 fevral 2019-cu il tarixində Qanuna edilən dəyişikliklər əsasında həmin müddət 1 il (04 mart 2020-ci ilə qədər) uzadılıb. Qeyd edək ki, bu qərarın qəbuluna ehtiyac böyük idi. Çünki böhrandan sonra əhalidə banklara olan inamı gücləndirmək üçün əmanətlərin tam sığortalanması zərurəti yaranmışdı. Əgər vaxtında belə bir qanun qəbul edilməsəydi əmanətlərin həcmində azalma davam edəcəkdi və banklar çox ciddi maliyyə qıtlığı ilə üzləşəcəkdi. Qanunun qüvvədə olduğu dövrdə əmanətlərin həcmi 6,8 milyard manatdan 8,6 milyard manata qədər artdı. Eyni zamanda manatla yığımlara maraq gücləndi. Əvvəl əmanətlərin 15-20 faizi manatla saxlanılırdısa, hazırda 48 faizi manatladır. Qanunun tətbiq müddətinin uzadılması əmanətlərdə, xüsusilə də manatla olan əmanətlərdə artımı dəstəkləyəcək. Son aylarda ümumən əmanətlərin həcmində azalma dinamikası müşahidə edilir. 2019-cu ilin oktyabr və 2020-ci ilin fevral ayları dövründə əmanətlərin həcmi 250 milyon manatdan çox azalaraq 8,55 milyard manata düşüb. Əmanətlərin azalmasının baçlıca mənbəyi xarici valyutada olan əmanətlərin azalmasıdır. Bu dövrdə manatla olan əmanətlər bir qədər də artıb. Bəs, bundan sonra əmanət qəbul etmək üçün bank sektorunda hansı addımlar atılmalıdır? Bankların daha çox vəsait cəlb edə bilməsi üçün ilk növbədə banklara inam güclənməlidir. Əmanətçi əmin olmalıdır ki, banka qoyulan pul istənilən halda batmayacaq, onu geri almaqda problem olmayacaq. Bu, ən əsas şərtdir. Əmanətlər üzrə gəlirlilik, yəni faiz dərəcəsi əmanətçilər üçün ikincidərəcəlidir. Etibarı təmin etmək məqsədilə həm banklar, həm də bank sektorunu tənzimləyən Mərkəzi Bank fəaliyyətini ciddi qurmalıdır. Əgər bir bankın müflis olma riski yaranmasa, investisiya siyasətini düzgün qursa, eyni zamanda Mərkəzi Bank işini düzgün təşkil etməyən banklara nəzarəti yaxşı təşkil etsə, vaxtında və səmərəli müdaxilə edərsə, bank sektorunda böhranın yaranması riski azdır. Banklara inam artdıqca, onların vəsait cəlb etmək, o cümlədən əhalidən əmanət cəlb etmək imkanları yaxşılaşacaq. Risklərin sığortalanması baxımından əmanətlərin tam sığortalanması yaxşı təcrübədir. Böhran dövründə 10-dan çox bankın bağlanmasına, onlardan bəzilərinin hətta böyük vəsaitə sahib olmasına baxmayaraq sığortalı olan əmanətlər qısa müddətdə geri qaytarıldı. Bu təcrübə həmin əmanətçilərdə banklara inamı gücləndirdi və onların əksəriyyəti öz vəsaitini yenidən başqa banklara yerləşdirdi. Lakin əmanəti sığortalı olan elə əmanətçilər oldu ki, onların vəsaiti böyük olduğundan pullarının bir hissəsini geri ala bilmədi. Məhz bu təcrübəni nəzərə alaraq 2016-cı ildən ölkəmizdə əmanətlərin sığortalanması təcrübəsinin tətbiqini zəruri etdi. İstənilən halda çalışmaq lazımdır ki, bankların müflis olması hadisəsi baş verməsin, belə bir risklə üzləşmə ehtimalı olan banklar vaxtında aşkarlanıb düzgün inzibatçılığa cəlb edilsin. Bankların üzərinə düşən isə düzgün investisiya siyasətini təşkil etməkdir. Hazırda ölkəmizdə bankların əsas problemi cəlb etdikləri vəsaitləri kredit şəklində tam yerləşdirə bilməmələridir. Banklar sadəcə əhalidən vəsait cəlb etmir. Onlar həm də qeyri-əhali qruplarından da vəsait cəlb edir ki, bu vəsait də əmanətlərin məbləğindən çoxdur. İndi bankların əksəriyyəti vəsait bolluğunun əziyyətini çəkir, kredit verməyə müştəri tapmaqda çətinlik çəkir. Buna görə də son illərdə yenidən istehlak kreditlərinin həcmi sürətlə artır. Biznes kreditlərini isə artırmaq hələ də mümkün deyil. Banklar biznes kreditlərini artırmaqla vəsaitləri tam yerləşdirə bilər. Yalnız bu halda bankların daha çox əmanətə ehtiyacı yaranacaq ki, bu da əhalidən pul cəlb edilməsi üçün stimullaşdırıcı tədbirlərə zərurət formalaşdıracaq. Vasif CƏFƏROV