Aşağı neft qiymətləri Azərbaycan üçün nə dərəcədə təhdid yaradır?

Aşağı neft qiymətləri Azərbaycan üçün nə dərəcədə təhdid yaradır?

12 Mart 2020
Orta neft qiymətlərinin 40 dollardan aşağı olması qeyri-realdır Azərbaycanda son ayların əsas diskusiya mövzularından biri də neftin ucuzlaşmasıdır. 2020-ci ilin ilk günlərindən başlayaraq beynəlxalq birjalarda neft ucuzlaşır. Ucuzlaşma Azərbaycanın ixrac etdiyi "Azeri Light" (CIF) markalı neftin qiymətində də müşahidə edilir. Neft ölkəmizin ixrac etdiyi əsas əmtəədir. O, ucuzlaşdıqda xam neftlə bərabər, neft məhsulları də dəyər itirir. 2020-ci ilin yanvar ayına olan məlumata əsasən ixracımızın 92 faizini xam neft və ondan alınan məhsullar təşkil edib. Azərbaycan böyük həcmdə neft hasil etmədiyindən bizim üçün neftin qiyməti daha önəmlidir. Buna görə də neftin davamlı ucuzlaşması Azərbaycanın ixracına ciddi təsir göstərir ki, bu da nəticə etibarilə iqtisadiyyatın ümumi gəlirlərinə və tədiyə balansının vəziyyətini pisləşdirir. Bəs, hazırkı neft qiymətləri bizim üçün nə dərəcədə risklidir? Öncə qeydə edək ki, neftin qiymətində baş verən enmələr avtonom proses deyil. Yəni, qiymət dəyişikliyi 2014-cü ildə olduğu kimi yalnız neft bazarında baş verən dəyişikliklərlə bağlı deyil. 2014-cü ildə neftin dəyərinin düşməsi ABŞ və onun müttəfiqlərinin Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasətinə verdiyi cavab idi. Həmin dövrdə neftin qiyməti 110 dollar səviyyəsindən 34 dollar səviyyəsinə qədər endi. Rusiya bu çətin vəziyyətdə Ukraynada irəliləməyi durdurdu. 2014-cü ildə yalnız neftin qiyməti düşdüyündən bundan ABŞ, Avropa və digər ölkələrin iqtisadiyyatı zərər görmədi, əksinə onların vəziyyəti bir qədər də yaxşılaşdı. İqtisadiyyatı neft qiymətlərindən asılı olan ölkələr, o cümlədən Azərbaycanın dərin böhran keçirdi, iqtisadiyyatlarının nominal dəyəri kəskin düşdü və beləliklə, milli valyutalar dollar qarşısında ucuzlaşdı. Son aylarda neftin ucuzlaşması daha çox 2008-ci ili xatırladır. Dünya iqtisadiyyatında baş verən dərin böhran həmin illərdə neftin kəskin dəyər itirməsi ilə nəticələndi. 2020-ci ildə beynəlxalq birjalarda baş verənlər dünya iqtisadiyyatının böhrana doğru sürükləndiyini göstərir. Koronavirus dünya iqtisadiyyatı üçün böyük təhdid olmaqda davam edir və bu virusun yayılmasının qarşısı alınmayana qədər gərginlik, böhran qalacaq. Virusun yayılması səbəbindən dünyada insanların aktivliyi aşağı düşüb və əhali daha çox evdə qalmağı, insanların çox olduğu yerlərə getməməyi üstün tutur. Bu ona gətirib çıxarıb ki, dünyada xərclər azalıb. Xərclərin azalması isə əmtəələrə və xidmətlərə olan tələbi azaldıb ki, bu da olduqca qorxulu əlamətdir. Tələb azaldıqda əmtəələrin ucuzlaşması qaçınılmaz olur. Neft məhz belə bir şəraitdə dəyər itirir. Bu baxımdan deyərə bilərik ki, 2020-ci ildə neftin ucuzlaşması prosesi və qiymətlərin daha uzun müddət aşağı səviyyədə qalma ehtimalı 2014-cü ildən azdır. Çünki indi neftin ucuzlaşması qlobal problemin yaratdığı fəsaddır və buna görə də sadəcə iqtisadiyyatları neftin asılı olan ölkələr yox, həm də qlobal problemdən əziyyət çəkən bütün ölkələr neftin qiymətinin optimallaşmasında maraqlı olacaqlar. 2008-ci ildə də belə oldu. Neftin dəyəri kəskin düşdükdən sonra qlobal iqtisadiyyatın yenidən canlanması məqsədilə neftin dəyəri əlverişli səviyyə çatdırıldı. 2020-ci ildə də daha böyük böhrandan yayınmaq üçün neftin qiymətinin əlverişli səviyyə yüksəlməsi labüddür. Bunu 2020-ci ildə baş verən böhranın xüsusiyyəti də tələb edir. 2020-ci ildə baş verən böhranın 2008-ci ildəki böhrandan əsas fərqi gərginliyin real sektorda müşahidə edilməsidir. 2008-ci ildə böhran maliyyə sektorundan başlayıb, sonra real sektora, yəni əmtəə bazarına keçdi. Amma indi böhran əmtəə bazarından başlayıb və hələlik maliyyə sektoruna keçməyib. Əgər əmtəə bazarında uzun müddət qiymət enmələri davam edərsə bu, maliyyə bazarına da sirayət edəcək. Belə ki, əmtəələrin ucuzlaşması və qiymətlərin aşağı həddə qalması şirkətlərin gəlirinə mənfi təsir göstərək. Şirkətlərin gəlirinin azalması isə onların dəyərinin aşağı düşməsi ilə nəticələnəcək ki, bununla da səhm və digər qiymətli kağızlar bazarında böhran yaşanacaq. Deməli, böyük böhrandan qaçmaq üçün əmtəə qiymətlərinin daha çox enməsinə imkan verilməməlidir. Əmtəə qiymətlərinin daha çox enməməsi və qiymətlərin aşağı səviyyədə qalmaması üşün əsas şərtlərdən biri neftin qiymətinin əlverişli səviyyəyə qayıtmasıdır. Yəqin ki, yaxın müddətdə neftin dəyərinin yenidən optimal səviyyə olan 50 dollara qalxacağının şahidi olacağıq. Mövcud neft qiymətləri Azərbaycan üçün əlverişli deyil. Əgər bu qiymətlər uzun müddət qalarsa, ölkəmizin ixrac etdiyi neftin orta qiyməti azalmaqda davam edəcək. 2020-ci ilin yanvarın 1-dən martın 1-nə qədər Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti 60 dollar olub. Əgər neftin orta illik qiyməti 45 dollara enərsə, Azərbaycanın tədiyə balansında profisit sıfıra yaxınlaşacaq, qiymət 40 dollara endikdə isə tədiyə balansında kəsir yaranacaq. Buna görə də orta qiymətin 40 dollara düşməsi arzu edilən deyil. Qeyd edək ki, nə 2008-2009-ci il böhranı zamanı, nə də 2014-2016-cı illərdə neftin orta qiyməti 40 dollara enməyib. Ən aşağı orta qiymət göstəricisi 2016-cı ildə qeydə alınıb. Həmin dövrdə Azərbaycanın satdığı neftin orta qiyməti 42 dollar olub. Ölkəmizdə bu qiymət səviyyəsi nəzərə alınaraq dollar/manat məzənnəsi müəyyən edilib. Eyni zamanda atılan digər makroiqtisadi tədbirlər nəticəsində iqtisadiyyatın hətta 40 dollardan aşağı qiymət səviyyəsinə immuniteti formalaşdırılıb. Buna görə də deyə bilərik ki, neftin mövcud qiyməti yalnız uzun müddət qalarsa, Azərbaycana ciddi təsiri hiss ediləcək. Amma mövcud qlobal konyuktura göstərir ki, qiymətlərin uzun müddət bu səviyyədə qalması iri neft hasilatçılarına sərf etməyəcək. Vasif CƏFƏROV