Dollarla bağlı tərəfdaşlarımızda vəziyyət dəyişir

Dollarla bağlı tərəfdaşlarımızda vəziyyət dəyişir

27 Fevral 2020

Məzənnə dəyişikliyi gündəlik istehlak mallarının ticarətinə təsir edir

2020-ci ilin ilk günlərindən ABŞ dollarının bir çox valyutalara, o cümlədən Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin əksəriyyətinin milli valyutasına nəzərən məzənnə dəyərinin yüksəlməsi müşahidə edilir. Dolların dünyanın aparıcı 6 valyutasına qarşı ortaq məzənnə dəyərini ifadə edən indeks bu dövrdə nəzərəçarpacaq dərəcədə yüksəlib. İlin ilk günündə 96 səviyyəsində olan indeks hazırda 99,5 səviyyəsindədir. Ötən müddətdə dollar indeksi 3,5 vahid və ya 3,6 faiz yüksəlib.

Dollar indeksinin yüksəlməsinə avro/dollar kursu daha güclü təsir göstərib. Avro/dollar kursunda müşahidə edilən enmə dinamikası dünyada dolların məzənnə dəyərinin yüksəlməsinə dəstək verib. Yeni ilin ilk günündə avro/dollar kursu 1,12 olduğu halda son günlər 1,08 səviyyəsinə qədər geriləyib. Artıq xeyli müddətdir ki, dollar qarşısında məzənnəsi aşağı düşən avronun kursunun 3,5 faizdən artıq enməsi qeydə alınıb.

Avro Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Avropa İttifaqının valyutasıdır. Dolların bahalaşması Azərbaycanın digər əsas ticarət tərəfdaşlarının çoxunun milli valyutasına qarşı müşahidə edilir. Rusiyada dollar/rubl kursu artıq neçə gündür ki, yüksəlir. İlin əvvəlində dollar/rubl məzənnəsi 61 həddində idi. Amma davamlı yüksəlmə hesabına Rusiyada dolların məzənnəsi 64 həddini ötüb. Rusiyada dolların 5 faizə yaxın bahalaşması qeydə alınıb.

Çində də müqayisə olunan dövrdə dolların nisbətən yüksəlməsi qeydə alınıb. İlin əvvəlində 6,9 olan dollar/yuan kursu yenidən 7 həddini ötərək 7,03 olub. Çində dolların 1,9 faiz bahalaşması müşahidə edilib.

Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından olan Türkiyədə dolların bahalaşması daha böyük sürətlə baş verib. Türkiyədə dolların yenidən yüksəlməsi yanvarın 16-dan baş verir. Həmin tarixdə 5,87 olan dollar/lirə kursu artıq 6,15 həddinə qalxıb. Bu müddədə Türkiyədə dollar 4,8 faiz yüksəlib.

Qeyd edək ki, Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə dolların yüksəlməsi, milli valyutaların ucuzlaşması yaxşı hal deyil. Ölkəmizdə dolların məzənnəsi sabit olduğuna görə həmin yerlərdə dolların məzənnəsinin yüksəlməsi Azərbaycana bəzi malların ixracını artıra bilər. Xüsusən Rusiya, Türkiyə, Çin, Avropa İttifaqından Azərbaycana ixracın miqdarının artması ehtimalı var. Adıçəkilən ölkələrdə emal sənayesi inkişaf edib və burada iqtisadiyyatın bütün sahələrinə aid məhsullar istehsal edilir.

Məzənnə dəyişikliyi əsasən gündəlik istehlak mallarının ticarətinə güclü təsir edir. Azərbaycan gündəlik istehlak mallarını daha çox Türkiyə və Çindən alır. Buna görə də hər iki ölkədə dolların yüksəlməsi oradan idxalı artırır.

Xüsusilə Türkiyədə dolların yüksəlməsi ticarətdə özünü qabarıq göstərir. Hər dəfə lirə ucuzlaşdıqda Türkiyənin Azərbaycana ixracında ciddi artım baş verir. Məhz 2017-2018-ci illərdə lirənin dəyər itirməsi Türkiyənin ixracında rekordun əldə edilməsinə şərait yaratdı. Bu ölkədən Azərbaycana gətirilən mallarda rekord göstəricilər həmin illərdə yeniləndi.

2016-cı ildə dollar lirə kursu 2,9 olduqda buradan Azərbaycana idxalın həcmi 1,18 milyard dollar dəyərində idi. 2017-ci ildə məzənnə 3,5 lirə səviyyəsinə yüksəldi, idxalın dəyəri 1,273 milyard dollar oldu. 2018-ci ildə dolların kursu orta hesabla 5,2 oldu, Türkiyədən idxal 1,576 milyard dollara yüksəldi. 2019-cu ildə orta məzənnə 5,7 olduğundan idxal bir qədər də artaraq 1,65 səviyyəsinə çatdı. Son 3 ildə dollar lirə kursunun təxminən 2 dəfə yüksəlməsi Türkiyədən Azərbaycana idxalın 470 milyon dollar və ya 40 faiz artmasına şərait yaradıb.

Əgər 2020-ci ildə lirənin orta məzənnəsi 6 səviyyəsində qalarsa, o halda Türkiyədən idxalın bir qədər də artması qaçınılmaz olacaq. Çünki lirənin ucuzlaşması, manatın kursunun sabit qalması bu ölkədən Azərbaycana idxal edilən malların bir qədər də ucuzlaşmasına səbəb olacaq. Hazırkı məzənnə göstərir ki, son bir-iki ayda lirə 5 faizdən çox ucuzlaşıb ki, bu da böyük fərqdir.

Pulun ucuzlaşması dəyəri onunla ifadə edilən əmtəə və xidmətlərin də ucuzlaşması deməkdir. Azərbaycan Türkiyədən böyük miqdarda mal idxal etdiyindən qardaş ölkədən gətirilən mallara çəkilən xərc azalır. Məsələn, 2019-cu ilin yanvarında dollar lirə kursu 5,5 olub. Həmin dövrdə bir milyon lirə dəyərində malın haqqının ödənilməsi üçün 182 min dollar tələb edilirdi. Hazırda isə eyni məbləğ üçün 166 min dollar lazımdır. Məzənnədə yaranan dəyişiklik Türkiyə mallarının ixracını əlverişli edib.

Vasif CƏFƏROV